ABŞ bu həftə Belarusa ilk xam neft partiyasını tədarük edəcək.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamentinin məlumatında bildirilib ki, ABŞ-ın enerji ticarəti şirkəti "United Energy Trading", ABŞ firması "Getka" və Polşadan tərəfdaş şirkət UNIMOT-un neftin tədarükü ilə bağlı müqaviləsi Belarusun suverenliyini və müstəqilliyini gücləndirir.
"Dünyanın ən böyük neft-qaz istehsalçısı olan ABŞ Belarus kimi, tədarükün şaxələndirilməsi və ABŞ-ın azad ticarət qanunlarına, qanunun aliliyinə və şəffaf sövdələşmələrə əsaslanan enerji təhlükəsizliyindən faydalanmaq istəyən ölkələrin idxal tələblərini qarşılamağa hazırdır. ABŞ Belarusu ÜTT-yə üzv olma prosesini inkişaf etdirmək üçün zəruri olan bazar yönümlü, azad ticarətlə bağlı islahatlar aparmağa çağırır. Bu islahatlar Belarusa ticarət və investisiya potensialını açmağa kömək edəcək. Tərəfdaşlığımızın güclənəcəyini gözləyirik", - Dövlət Departamentinin məlumatında qeyd olunub.
Qeyd edək ki, Belarus neft tərəfdaşlarının siyahısını genişləndirir. Rusiya şirkətlərindən başqa artıq Azərbaycan, Norveç, Səudiyyə Ərəbistanı tədarükçüləri də ölkənin tərəfdaşları sırasına qoşulub.
Səudiyyə Ərəbistanı artıq 80 min tonluq ilk xam neft partiyasını Belarusa göndərib.
SOCAR bu ilin əvvəlindən Belarusa 3,83 mln. barel həcmində neft göndərib. Belarus tərəfi bu il SOCAR-dan 1 mln. ton həcmində neft almaq niyyətindədir.
Rusiyanın "Rosneft" şirkəti isə 2020-ci ilin aprelindən dekabrınadək Belarusa 9 mln. tona qədər neft tədarük edəcək.