""Azərbaycan" İES ölkədə fəaliyyət göstərən yeganə elektrik stansiyasıdır ki, həm də mazutla işləyir. Ona görə də burada mazut təsərrüfatı mövcuddur. Belə ki, burada növbəli şəkildə mazut təsərrüfatı tikilib".
"APA-Economics”in məlumatına görə, bunu "Azərenerji" ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.
Onun sözlərinə görə, İES ərazisində bu günə qədər 18 mazut çəni tikilib.
"İlkin mərhələdə 6 çən, sonrakı mərhələdə də 6 çən inşa edilib və ümumilikdə 12 çən mövcud idi. 2019-cu ildə İES ərazisində daha 6 çən istifadəyə verilərək ümumi çənlərin sayı 18-ə çatdırıldı. Bundan əlavə mazut təsərrüfatının yanğınsöndürmə sistemi tam yenidən quruldu. Belə ki, köpüklə avtomatik yanğınsöndürmə sistemi qurularaq istifadəyə verildi”, - deyə V. Şahmuradov qeyd edib.
ASC-nin vitse-prezidentinin müavini əlavə edib ki, mazutdan ehtiyat yanacaq kimi istifadə olunur: "Hazırda ehtiyatlar 245 min ton mazutdur. Əgər hər hansı səbəbdən qaz təchizatı dayanarsa, mazut ehtiyatı stansiyanın 1 ay müddətində tam gücü ilə işləməsinə imkan yaradacaq".