Ötən ilin yanvar-noyabr aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 27 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% azdır.
Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sənaye məhsulunun 73,9%-i mədənçıxarma, 23,2%-i emal, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Məlumata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 78,7% olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,4% sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,6% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2020-ci il vəziyyətinə 289,0 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 86,5 mln. manat məbləğində digər məhsullar da mövcud olub.