Bu ilin yanvar-may aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12,5 mlrd. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,7% azdır.
Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü sənaye məhsulunun 75,2% mədənçıxarma, 21,9% emal, 2,2% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Məlumata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 78,4% olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 84,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15,1% təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2020-ci il vəziyyətinə 263,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,3 mln. manat məbləğində digər məhsullar da mövcud olub.