"Rəsmi Ankara Bakı ilə Aşqabad arasında Xəzər dənizindəki əməkdaşlığı alqışlayır".
“APA-Economics”in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Cənubi Qaz Dəhlizi layihəsi üzrə Məşvərət Şurasının VII iclasında deyib.
Nazir Xəzər dənizindəki “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsi barədə Azərbaycanla Türkmənistan arasında imzalanan sazişə toxunub. O, Xəzəryanı ölkələr arasındakı dostluq münasibətlərinin möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib: “Ümid edirik, bu saziş Türkmənistan qazının Türkiyə və Avropa bazarlarına çıxarılmasına dair razılaşmalara yol açacaq. Türkiyə də, öz növbəsində, hər iki ölkəyə mümkün olan hər cür siyasi, texniki və iqtisadi dəstəyi verməyə hazırdır”.