Bu ilin iyul ayında neft hasilatını azaltmaq məqsədilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üzrə sazişin icra nisbəti rekord səviyyəyə – 95%-ə çatıb. Razılaşma iştirakçıları 2020-ci ilin sentyabr ayının sonunadək öhdəliklərini 100% yerinə yetirmək niyyətindədir. Bu, neft qiymətlərini sabitləşdirmək üçün gərəkdir, belə ki, pandemiyanın ikinci dalğasının riskləri tədricən artır.
"APA-Economics" xəbər verir ki, bu barədə "OPEC+" Monitorinq Komitəsinin nazirlər toplantısından sonra təşkilatın dərc etdiyi edilən məlumatda deyilir.
İyulda "OPEC+" razılaşması çərçivəsində neftin gündəlik azalması nəzərdə tutulmuş 9,7 mln. barel əvəzinə 9,4 mln. barel olub. May, iyun və iyul aylarında neft hasilatını azaltmaq planından geri qalan ölkələr, 2020-ci ilin sentyabr ayının sonunadək 100% endirim kvotalarına cavab verməyə söz verib. Bunlar arasında Qabon, İraq, Nigeriya, Anqola və Konqo yer alıb.
Komitə neft bazarındakı vəziyyətin tədricən yaxşılaşdığını – ehtiyatların iyul ayında azaldığını və dünyada neftə olan tələblə təklif arasındakı boşluğu azaldığını qeyd edib. Belə ki, gündəlik təklif tələbdən 1 mln. barel aşağıdır. "OPEC+" Monitorinq Komitəsi onu da qeyd edib ki, uzanan COVID-19 dalğasının artan riskləri səbəbindən bərpa tempi gözləniləndən daha az olub.
Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.
Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.