Bu ilin iyul ayında OPEC+ ölkələri öhdəlikləri 95% (iyun ayında bu göstərici 107% olub) yerinə yetirib.
“APA-Economics” bu barədə TASS-a istinadən xəbər verir.
Beləliklə, ittifaq ölkələri iyul ayında gündəlik neft hasilatını 9,2 milyon barel azaldıb ki, bu da müqavilədən 0,5 milyon barel azdır.
Təşkilatdakı mənbə TASS-a bildirib ki, bu nəticələr bazar ertəsi günü OPEC + texniki komitəsi tərəfindən yekunlaşdırılıb.
Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.
Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.