Gələcəkdə qaz ixrac edən ölkələr "mavi yanacağ"a olan qiymətləri tarazlaşdırılması üçün OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olmayan və OPEC-in iştirakçıları ilə bərabər dünya bazarında hasilatın stabilləşdirilməsində iştirak edən ölkələr – red.) təşəbbüsü çərçivəsində ki kimi daha qəti qərarlar verə bilərlər.
"APA-Economics"in məlumatına görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA TV-yə bildirib.
Onun sözlərinə görə, qaz ixrac edən ölkələr arasında artıq birləşmə var, bunun OPEC+ qədər təsiri müşahidə edilmir.
"Ola bilsin ki, ehtiyac yaransa qarşıdakı illərdə qaz ixrac edən ölkələr belə bir qərar versinlər (OPEC+ prinsipinə bənzər – red.) və biz də qaz qiymətlərinin nəzarət altında saxlanılmasını, onlara təsir göstərilməsi üçün mütəmadi olaraq kvotalara baxaq və hamı üçün aid olan kvotaları təyin edə ki, qazın qiyməti müəyyən səviyyədə stabilləşsin", - deyə İ. Əhmədov qeyd edib.
O həmçinin bildirib ki, dünya bazarlarında qazın bolluğundan, yəni təklifin artmasından "mavi yanacağ"a olan qiymətlər enib. Buna həmçinin neft hasilatının artması da öz təsirini göstərir.
Qeyd edək ki, hazırda təbii qaz ixracında dünyada lider olan ölkələrin birliyi formasında Qaz İxrac Edən Ölkələr Forumu (GECF) fəaliyyət göstərir. Neft İxrac edən Ölkələr Təşkilatına bənzər şəkildə forum tez-tez "qaz OPEC"ki adlandırırlar, baxmayaraq ki, bütün iştirakçıların hamısı kartelin yaradılmasının tərəfdarı deyillər.
Moskvada 23 dekabr 2008-ci ildə iştirak edən ölkələrin enerji nazirləri GECF nizamnaməsini qəbul etdilər və təşkilatın prinsiplərini müəyyən edən hökumətlərarası saziş imzaladılar. GECF-ın qərargahı Qətərin paytaxtı Dohada yerləşir.
GECF-in daimi üzvləri arasında Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qatar, Liviya, Nigeriya, Rusiya, BƏƏ, Trinidad və Tobaqo, Ekvatorial Qvineya var. Forumunda müşahidəçi qismində çıxış edən ölkələr sırasında Anqola, Azərbaycan, İraq, Qazaxıstan, Norveç, Oman və Peru yer alıblar.