Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında yerləşən “Şahdəniz Alfa” platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin I rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, hesabat dövrü sözü gedən platformadan quyu qazılmayıb.
Məlumata əsasən, işlənilməsinin ikinci mərhələsi çərçivəsində "İstiqlal" qazma qurğusu SDC05 sualtı quyusunun alt hissəsini qazmağa başlayıb. "Maersk Explorer" qurğusu SDF04 quyusunda qazma işlərini davam etdirib.
"Bu iki qurğu "Şahdəniz-2" hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 17 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək", - məlumatda deyilir.
Qeyd edək ki, "Şahdəniz-2" çərçivəsində hasil olunan qaz Cənub Qaz Dəhlizi vasitəsi ilə Türkiyə və Avropaya nəql edilməsi nəzərdə tutulub. Türkiyəyə bu layihə üzrə qaz artıq nəql edilir. Avropaya isə qazın nəqlinə bu ilin dördüncü rübündə start veriləcək.
Xatırladaq ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.