Bank Of Baku

ACE platformasının üst modulları mətbuata nümayiş olunub - FOTO

ACE platformasının üst modulları mətbuata nümayiş olunub - FOTO
# 10 aprel 2023 15:27 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarının işlənilməsi layihəsinin operatoru olan BP şirkəti “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının üst modullarının inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsinə jurnalistlər üçün səfər təşkil edib.

APA-Economics”xəbər verir ki, media nümayəndələri 2023-cü ilin ikinci rübündə dənizə, öz daimi yerinə yola salınacaq üst modullar qurğusu ilə tanış olublar.

Səfər çərçivəsində ACE layihəsi barəsində məlumat verilib. Qeyd olundu ki, ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19600 tondur.

Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində Azfen şirkəti tərəfindən inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95%-i tamamlanıb.

Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə bp-nin ilk dəfə icra etdiyi “qaldırma və sürüşdürmə” əməliyyatı idi ki, bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə ACE üst tikililər blokunun üzərinə yerləşdirilib.

İki qazma modulu - çəkisi 2350 ton, uzunluğu 43m, eni 20m və hündürlüyü 20m olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton, uzunluğu 32m, eni 22m, hündürlüyü 80m olan qazma avadanlığı dəsti (QAD) - üst tikililər blokundan kənarda “qaldırma və sürüşdürmə” əməliyyatınadək ayrıca inşa olunub. Hər iki modul Bayıldakı istehsalat-quraşdırma sahəsində inşa edilib.

Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90%-dən çoxu Azərbaycan vətəndaşı olub.

Sahədə əməyin təhlükəsizliyi üzrə göstəricilər yüksək səviyyədədir – üst modulları inşa edən işçi heyəti bu yaxınlarda heç bir xəsarətə yol vermədən 20 milyon iş saatı yerinə yetirilməsini qeyd edib.

Tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və dayaq blokunun üzərinə quraşdırılacaq. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün ilk quyunun qazılmasına başlanacaq.

Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR