Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə ümumi hasilat 13 mln. ton olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% azdır.
AÇG-nin operatoru olan BP şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
“İlin ilk yarısında AÇG-də 7 neft hasilat quyusu qazılıb”, - deyə şirkətin məlumatında bildirilir.
Cari ilin yanvar-iyun aylarında AÇG üzrə fəaliyyətlərə 272 mln. ABŞ dollarından artıq əməliyyat məsrəfləri və 657 mln. dollardan çox əsaslı məsrəflər xərclənib.
AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Chevron (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOÇU (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.