AÇG-dən indiyədək 492 mln. ton neft hasil edilib

AÇG-dən indiyədək 492 mln. ton neft hasil edilib
# 18 sentyabr 2019 12:27 (UTC +04:00)

İndiyədək (sentyabrın 1-nə) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 492 mln. ton neft hasil edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə YAP-ın icra katibliyində "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda keçirilən dəyirmi masa zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, AÇG-də hasil olunan neftin 287 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. Bu il isə AÇG-dən 18 mln. ton neft hasil edilib ki, bunun da 13 mln. tonu (75%) Azərbaycanın mənfəət neftinin payına düşüb.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.

Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Qeyd edək ki, yataqlar blokunun dərinliklərindəki qazın böyük işlənməsi isə yeni müqavilədən kənardadır və bu məsələ tərəfdaşlar arasında yenidən müzakirə olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR