Bank Of Baku

AÇG-dən yanvar-sentyabrda 17 mln. ton neft hasil edilib

AÇG-dən yanvar-sentyabrda 17 mln. ton neft hasil edilib
# 04 noyabr 2021 12:21 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 17 mln. ton neft hasil edilib ki, bu da illik müqayisədə 5% azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin yanvar-sentyabr aylarının yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrünün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 30 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Hesabata görə, ilin yanvar-sentyabr aylarında AÇG üzrə fəaliyyətlərə təxminən 398 mln. dollardan artıq əməliyyat məsrəfləri və 1 243 mln. dollara yaxın əsaslı məsrəflər xərclənib.

"İlin üç rübündə AÇG-də 7 neft hasilatı və 3 suvurma quyusu qazılıb", - hesabatda qeyd edilir.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR