2022-ci ilin ilk üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağları bloku üzrə fəaliyyətlərə təqribən 337 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 204 milyon dollar əsaslı məsrəflər xərclənilib.
“APA-Economics”in BP-nin rüblük hesabatına istinadən verdiyi xəbərə görə, üçüncü rüb ərzində "Azəri Mərkəzi Şərqi" (ACE) platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edir. Qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləyib – modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti hər ikisi artıq istismar sınaqlarına təhvil verilib, qazma qurğusun sürüşdürülməsi əməliyyatları üzrə istismar sınaqları başlanıb.
Bundan əvvəl 2350 tonluq modullu qazmaya dəstək modulu və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti təhlükəsiz şəkildə lazım olan hündürlüyə - təxminən 27 metr yüksəkliyə - qaldırılaraq uğurla göyərtənin üzərinə sürüşdürülmüşdü. Bu, çox dəqiqliklə hesablanmış mürəkkəb bir “qaldırma və sürüşdürmə” əməliyyatı idi və bütün dünya üzrə BP-də ilk dəfə idi ki, icra olunurdu.
Məlumata görə, üst tikililərin mexaniki tamamlanması işlərinin təhvil verilməsi istismar sınaqlarının yekunlaşmasına ciddi dəstək olaraq irəliləyib. Ümumilikdə, üst modulların istismar sınaqları 50% tamamlanıb.
Yaşayış modullarının helikopter meydançası üçün üçüncü tərəfin apardığı sınaq sertifikasiyası başa çatıb. Yaşayış modullarının mexaniki tamamlanması işlərinin təhvil verilməsi qalan yalnız iki hissə ilə yekunlaşacaq.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi tamamlanıb. Dayaq bloku 2023-cü ilin əvvəlinə planlaşdırılan barjaya yüklənmə əməliyyatına, demək olar ki, hazırdır.
STB-01 daşıma barjasında lazım olan modifikasiya işləri aparılıb və barjanın tələb olunan dərəcə üzrə sertifikasiyası təzələnib. Bundan sonra, barja Bakı Dərin Özüllər Zavoduna gətirilib və orada reaktivasiya və yırğalanmanı azaldan avadanlığın quraşdırılması işləri başlanıb.
ACE layihəsi üçün lazım olan boru xətlərinin bağlanması üzrə bütün işlər bitdikdən sonra Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasındakı yataqdaxili qaz ixrac boru xətti yenidən uğurla işə salınıb.
Xankəndi sualti tikinti gəmisi ACE-in neft üçün çıxarıla bilən təcridetmə tıxacı və izolyasiya konstruksiyasını (PRIS/Wye konstruksiyası) dəniz dibində quraşdırıb, bundan sonra isə dalğıc gəmisi neft sistemi sarğaclarının bütün metroloji işlərini tamamlayıb. İsrafil Hüseynov borudüzən gəmisi 16 düymlük sualtı suvurma boru xəttinin inşasını bitirib.
Səngəçal terminalında ACE əməliyyatlarının qurudan idarə olunması üçün aparılan tikinti işləri və bununla bağlı istismar sınaqları bitib və platformanın üst modulları ilə inteqrasiya işləri başlanıb. ACE layihəsi çərçivəsində həmçinin Mərkəzi Azəri platformasında ACE üçün lazım olan sualtı neft ixrac boru kəmərinin birləşdirilməsi işləri də başlanıb. 2022-ci ilin üçüncü rübünün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 80% tamamlanıb.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma fəaliyyətlərinin 2023-cü ildə başa çatması üçün bütün işlər qrafikə uyğun davam edir.
Üçüncü rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (105 000), Qərbi Azəri (108 000), Şərqi Azəri (63 000), Dərinsulu Günəşli (77 000) və Qərbi Çıraq (40 000) platformalarından birlikdə – gündə orta hesabla 418 000 barel və ya ümumilikdə təxminən 114 milyon barel, yəni 15 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 33 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.