İstismara veriləndən cari ilin 01 dekabr tarixinədək “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 382,8 mlrd. kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 202,3 mlrd. kubmetr, “Şahdəniz”dən isə 180,5 mlrd. kubmetrə yaxın qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 126,1 milyard kubmetr həcmi ixraca nəql edilib”, - məlumatda qeyd olunub.
Məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 42,5 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 12,2 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 23 milyard kubmetri “Şahdəniz”dən, 7,3 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. 2021-ci ilin müvafiq dövrünə nisbətən 7 mlrd., yəni 2,8 mlrd. kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 20,1 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur. 11 ayda Avropaya 10,3 mlrd. kubmetr, Türkiyəyə 7,6 mlrd. kubmetr, Gürcüstana isə 2,2 mlrd. kubmetr qaz satılıb. Bu dövrdə Türkiyəyə TANAP vasitəsilə 5,2 mlrd. kubmetrə yaxın qaz nəql olunub.