Bu ilin yanvar–fevral aylarında Azərbaycanda 4 864,8 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Operativ məlumatlara əsasən, hesabat dövründə elektrik enerjisinin ixracı 301,5 mln. kVt-saat, idxalı isə 19,5 mln. kVt-saat olub.
“Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib”, - paylaşımda qeyd olunub.
Beləliklə, illik müqayisədə hesabat dövründə elektrik enerjisiin istehsalı 3,8%, ixracı 36% artıb, idxalı isə 40% azalıb.
Hesabat dövründə istilik elektrik stansiyalarda 4 354,3 mln. kVt-saat, su elektrik stansiyalarda 411,7 mln. kVt-saat, digər mənbələr üzrə isə 98,8 mln. kVt-saat, o cümlədən külək elektrik stansiyalarında 5,8 mln. kVt-saat, günəş elektrik stansiyalarında 54,9 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 38,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə su və günəş elektrik stansiyalarının enerji istehsalında 140,6 mln. kVt-saat artım qeydə alınıb.