Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin ixrac imkanlarının genişləndirilməsi planlaşdırır.
"APA-Economics" xəbər verir ki, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda sahə üzrə əsas hədəflər açıqlanıb.
Sənədə əsasən, yeni istehsal güclərinin yaradılması və mövcud müəssisələrin inkişafı hesabına dağ-mədən və metallurgiya sektorunda yaradılan əlavə dəyərin 2 dəfədən çox artırılması, illik ixrac potensialının isə təxminən 2 mlrd ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
Dövlət Proqramında qeyd olunur ki, bu məqsədlə filiz yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi, emal sənayesinin genişləndirilməsi və daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalının artırılması planlaşdırılır.
Sənəddə həmçinin metallurgiya sahəsində yeni istehsal zəncirlərinin yaradılması, o cümlədən dəmir filizi, alüminium və digər metal məhsulları üzrə imkanların genişləndirilməsi nəzərdə tutulur.