Azərbaycanda 2023-cü ildə metanol istehsalının həcmi 540 min ton olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 54,3% çoxdur.
"APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, ölkədə bu növ kimya məhsulunun ilbəil artacağı gözlənilir. Belə ki, 2019-cu ildə bu göstərici 350 min ton, 2020-ci ildə – 390 min ton, 2021-ci ildə – 435 min ton, 2022-ci ildə isə 485 min ton olacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 230 min metanol istehsal edilib.
Bundan əlavə, sənədə əsasən, ölkədə karbamid istehsalında da kəskin artım gözlənilir. Əgər bu il respublikada 200 min ton karbamid istehsalı proqnozlaşdırılırsa, 2023-cü ildə bu göstəricinin 650 min ton olacağı planlaşdırılır ki, bu da 3,3 dəfəlik artım deməkdir.
Sənədə əsasən, 2020-ci ildə Azərbaycanda 500 min ton, 2021-ci ildə – 620 min ton, 2022-ci ildə isə 640 min ton karbamid istehsal ediləcək.
Xatırladaq ki, Azərbaycanda karbamidin istehsalı bu il başlayıb.