Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
***
18:41
“OPEC+” ölkələri alyansın hazırkı strategiyasını saxlamaq qərarına gəlib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, fevral ayında da gündəlik neft hasilatı növbəti dəfə sutkada 400 min barel artırılacaq.
Bununla da alyans 2022-ci ilin sentyabrına qədər istehsalla bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətindədir.
Qeyd edək ki, “OPEC+” ölkələri pandemiya ilə əlaqədar 2020-ci ilin may ayında istehsalı azaltmışdı.
“OPEC+” alyansının növbəti iclasının fevralın 2-də keçirilməsi planlaşdırılır.