Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə kommersiya tədarükünün başlandığından (2022-ci ilin oktyabrın 1-dən) bu ilin iyunun axırınadək nəql olunan qazın həcmi açıqlanıb.
"APA-Economics"ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, hesabat dövründə kəmərlə elektrik enerjisi ekvivalentində 12,7 MVt-saat (təqribən 1,09 mlrd. kubmetr – red.) qaz nəql edilib.
ICGB layihə şirkətinin (layihə operatoru) icraçı direktorları Teodora Georgiyeva və Corc Satlas qeyd ediblər ki, bu ilin birinci yarısında kəmər vasitəsi ilə 7,8 MVt-saat və ya 669 mln. kubmetr qaz nəql edilib.
Qeyd olunur ki, 185 kilometrlik qaz kəməri Bolqarıstanı Trans-Adriatik Qaz Boru Kəmərilə (TAP) birbaşa əlaqələndirir. İndiyədək 22 interkonnektor istifadəçisi qeydiyyata alınıb. IGB-nin ümumi gücü ildə 3 mlrd. kubmetrdir və bunun 1,57 mlrd. kubmetri 25 ilə qədər davam edən uzunmüddətli müqavilələr əsasında artıq rezervasiya edilib. Qaz kəmərinin sərbəst tutumları şəffaf və əlçatan şəkildə Avropanın iki ticarət platforması olan PRISMA və RBP-də təklif olunur.
Kommersiya istismarına bu ilin 1 oktyabr tarixində başlanılan boru kəmərinin ötürmə gücünü gələcəkdə 5 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.