Son on ildə (2013-2022-ci illər) Azərbaycanda qaz hasilatı 58,6% artıb, ən böyük artım xarici şirkətlərlə həyata keçirilən layihələr üzrə qeydə alınıb.
Bu barədə “APA-Economins” SOCAR-ın illər üzrə göstəriciləri əhatə edən məlumatları üzrə aparılmış hesablamalara əsasən xəbər verir.
Məlumata görə, əgər 2013-cü ildə respublika üzrə qaz hasilatı 29,5 mlrd. kubmetr təşkil edirdisə, 2022-ci ildə bu göstərici artıq 46,8 mlrd. kubmetrə yüksəlib və bu da hesabat dövründə qeydə alınan pik göstəricisidir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda qaz hasilatının əhəmiyyətli hissəsi xarici şirkətlərlə birlikdə həyata keçirilən “Azəri-Çıraq-Günəçli” neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihələrinin payına düşür.
Hesablamalara əsasən, son on il ərzində xarici şirkətlərlə birlikdə həyata keçirilən layihələr üzrə qaz hasilatı 73,5% artıb. Belə ki, qeyd olunan fəaliyyət üzrə qaz hasilatı 2013-cü ildəki 22,3 mlrd. kubmetrdən 2022-ci ildə 38,7 mlrd. kubmetrə yüksəlib.
Bundan əlavə, ölkə üzrə qaz hasilatının artımında SOCAR-ın da payını qeyd etmək lazımdır. Hesabat dövrümdə (2013-2022-ci illər) şirkət üzrə qaz hasilatı 12,5% artaraq, 7,2 mlrd. kubmetrdən (2013-cü ildə) 8,1 mlrd. kubmetrədək (2022-ci ildə)yüksəlib.