Elektrik, qaz və suya qoşulma imkanları barədə məlumatlar 3 ay ərzində təchizat müəssisələrinin saytında yerləşdirilməlidir

Elektrik, qaz və suya qoşulma imkanları barədə məlumatlar 3 ay ərzində təchizat müəssisələrinin saytında yerləşdirilməlidir
# 01 iyun 2019 12:43 (UTC +04:00)

Nazirlər Kabineti “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları”nı təsdiq edib.

ONA-nın məlumatına görə, bu Qaydaların məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumat alma imkanının təmin edilməsindən ibarətdir.

Təchizat müəssisələri tərəfindən məlumatların internet saytlarına yerləşdirilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

- istifadə rahatlığı – məlumatların internet saytlarında aydın şəkildə və oxunaqlı vəziyyətdə yerləşdirilməsi, sahibkarlar tərəfindən əlavə əməliyyat və ödəniş aparılmadan əldə edilməsi;

- operativlik – məlumatların internet saytlarına yerləşdirilməsinin və yenilənməsinin qısa müddətdə həyata keçirilməsi;

- səmərəlilik – sahibkarların vaxt itkisinin azaldılması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

- şəffaflıq – kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumatların sahibkarlara təqdim edilməsi.

Təchizat müəssisələrinin internet saytlarına hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə aşağıdakı məlumatlar yerləşdirilir (aidiyyəti üzrə):

Elektrik enerjisi, qaz və su təchizatı sistemlərində mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən aşağıdakı məlumatlar:

- transformatorların təyinatı, sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti və göstəriciləri (gərginliyi, gücü və yüklənməsi, o cümlədən pik saatlarda yüklənməsi);

- nasos stansiyalarının və anbarların təyinatı, sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti, həmçinin nasos stansiyalarının qidalandığı mənbə və məhsuldarlığı, anbarların həcmi;

- qazpaylayıcı stansiyaların sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti, yüklənməsi, qəbul edilən qazın həcmi;

- abonent sayı (əhali və qeyri-əhali);

- təchizat müəssisələrinin zəruri hesab etdiyi digər məlumatlar.

Məlumatlar təchizat müəssisələrinin internet saytlarına aşağıdakı formada yerləşdirilir:

- elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri barədə məlumatlar Azərbaycan Respublikasının elektron xəritəsinin üzərində;

- elektrik enerjisi, qaz və su təchizatı sistemlərində mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatlar cədvəl formasında.

İnternet saytlarına yerləşdirilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, həmin məlumatların təchizat müəssisələri tərəfindən yenilənməsi 3 iş günü müddətində həyata keçirilir. Məlumatların təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi və yenilənməsi ilə bağlı Energetika Nazirliyi tərəfindən monitorinqlər aparılır.

Təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyırlar. Aparılan monitorinqlər nəticəsində məlumatların internet saytlarına yerləşdirilməməsi və ya yenilənməməsi aşkar edildikdə, Energetika Nazirliyi tərəfindən aidiyyəti təchizat müəssisəsinə ünvanlanan məktub əsasında həmin müəssisə tərəfindən təyin edilən məsul şəxslər intizam məsuliyyətinə cəlb edilirlər. Təchizat müəssisələri 30 iş günü müddətində məlumatların internet saytlarına yerləşdirilməsi və ya yenilənməsi, habelə təyin edilən məsul şəxslərin intizam məsuliyyətinə cəlb olunması barədə Energetika Nazirliyinə məlumat verirlər.

Məlumatlar bu Qaydalar təsdiq edildikdən sonra 3 ay müddətində təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR