Azərbaycanda enerji saxlanc sistemlərinin tətbiqi ilə bağlı konseptual yanaşma sentyabrın sonunadək təqdim edilə bilər.
"APA-Economics" xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) müasir bərpa olunan enerji laboratoriyasının açılış mərasimi zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrinin enerji sisteminə qoşulması və enerji saxlanc sistemlərinin tətbiqi ilə bağlı tənzimləyici çərçivə üzərində iş aparılır.
“Hazırda tənzimləmə üzərində işləyirik. Bir neçə əsas "qırmızı xətt" və çərçivə müəyyənləşdirilib. Bu məsələlərin həlli istiqamətində Çinin qabaqcıl tədqiqat institutlarından biri bizim şəbəkəni öyrənir. Onlar bərpa olunan enerji üzrə apardıqları təhlilin ilkin nəticələrini bizimlə bölüşəcəklər”, - Cavid Abdullayev qeyd edib.
O əlavə edib ki, hal-hazırda ölkədə hər birinin gücü 125 MVt olan iki enerji saxlanc sistemi mövcuddur.
“Təhlildən sonra artıq başa düşəcəyik ki, hansı həcmdə güc qoyuluşu həyata keçirilərsə, onun təxminən neçə faizi batareyaların dəstəyi ilə təmin edilməlidir. Bu, məsələyə yanaşmanın bir tərəfidir”, - Agentliyin rəhbəri vurğulayıb.
Cavid Abdullayev bildirib ki, enerji sisteminə limitsiz həcmdə bərpa olunan enerji güclərinin qoşulması mümkün deyil və bu məsələdə diqqətli yanaşma tələb olunur: "Bunun qarşılanmasının bir neçə üsulu var. Biri, əlbəttə ki, batareya saxlanc sistemlərindən istifadədir. Bunun da müxtəlif növləri var. Artıq litium batareyalardan əlavə, digər texnologiyalara da baxırıq".
Agentliyin rəhbər Azərbaycanda ilk dəfə hidroakkumulyasiya elektrik stansiyalarının ("pumped hydro storage") yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb: "Azərbaycanda ilk dəfə olaraq hidroakkumulyasiya sistemlərini də nəzərdə tuturuq. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın su ehtiyatlarının təxminən 25 faizi formalaşır. Təbii ki, bu potensialın əsaslandırılmış şəkildə istifadəsi müəyyən imkanlar yarada bilər”.