Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-noyabr aylarında 47,9 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 20,7% artıb.
Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən yazır.
Sənaye məhsulunun 63,8%-i mədənçıxarma sektorunda, 30,6%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı eyni səviyyədə qalmış, əmtəəlik qaz hasilatı isə 23% artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,2%, tikinti materiallarının istehsalı 83,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 64,3%, tütün məmulatlarının istehsalı 53,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 31,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 30,5%, kağız və karton istehsalı 28,4%, kimya sənayesi məhsullarının istehsalı 26,3%, hazır metal məmulatlarının istehsalı 24%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 18,9%, mebel istehsalı 18,6%, neft məhsullarının istehsalı 14,6%, kompüter, elektron və optik məhsulların istehsalı 11,9%, qida məhsullarının istehsalı 11,3%, içki istehsalı 3,7%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6% artıb, maşın və avadanlıqların istehsalı 11,1%, geyim istehsalı 16,4%, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,9%, elektrik avadanlıqlarının istehsalı 19,1%, poliqrafiya məhsullarının istehsalı 44,1%, sair nəqliyyat vasitələrinin istehsalı 90,2% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9% artıb.