Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar ayında 6,5 mlrd. manatlıq və ya 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 5,4% çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,4%, qeyri neft-qaz sektorunda isə 24,1% artıb.
Sənaye məhsulunun 72,2%-i mədənçıxarma sektorunda, 23%-i emal sektorunda, 4,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,1% azalıb, əmtəəlik qaz hasilatı isə 18,3% artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 93,3%, mebel istehsalı 85,7%, tikinti materiallarının istehsalı 85,1%, maşın və avadanlıqların istehsalı 69,8%, əczaçılıq məhsullarının istehsalı 63,2%, kimya sənayesi məhsullarının istehsalı 61,6%, hazır metal məmulatlarının istehsalı 59%, kompüter, elektron və optik məhsulların istehsalı 50,9%, poliqrafiya məhsullarının istehsalı 45,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 40,8%, neft məhsullarının istehsalı 28,3%, kağız və karton istehsalı 27,6%, qida məhsullarının istehsalı 19,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,6% artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4,7%, geyim istehsalı 6,4%, içkilərin istehsalı 12,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9%, tütün məmulatlarının istehsalı 30,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,2% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1% artıb.