Ötən il SOCAR-ın karbamid zavodunun gəlirləri 225 mln. manatı ötüb, bu da illik müqayisədə 6,4 dəfə çoxdur.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu barədə zavodun direktoru Xəyal Cəfərov bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə zavodun gəlirləri təqribən 35 mln. manat təşkil edib.
X. Cəfərov bildirib ki, ötən il zavod tərəfindən 355 min ton karbamid istehsal edilib, bu da illik ifadədə təxminən 3 dəfə çoxdur. Belə ki, 2020-ci ildə bu göstərici 120 min tona yaxın olub.
Zavodun direktoru əlavə edib ki, 2021-ci ildə müəssisə 323 min tondan çox məhsul ixrac edib, bu da 4,6 dəfə çoxdur. 2020-ci ildə zavod 70 min tona yaxın karbamid ixrac edib.
"Bunlara, dediyim kimi, istehsalın artımı, ondan başqa da, karbamidə olan dünya bazarlarında həm tələbat, həm də qiymətlərin kəskin artması səbəb olub", - X. Cəfərov bildirib.
Onun sözlərinə görə, əgər 2020-ci ildə Qara dəniz bazarında karbamidin bir tonunun qiyməti təqribən 220-230 dollar idisə, 2021-ci ilin IV rübündə bu göstərici 750-850 dollardan artıq idi.
X. Cəfərov onu da xatırladıb ki, zavod 2019-cu ildən fəaliyyətə başlayıb və hazırda tam gücü ilə işləyir.
Xatırladaq ki, Sumqayıtda inşa edilən karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 mln. dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodunun ümumi dəyəri təqribən 800 mln. avro təşkil edir.