“AzərGold”: Satılabilən ehtiyat bazası 4 dəfədən çox artırılıb

“AzərGold”: Satılabilən ehtiyat bazası 4 dəfədən çox artırılıb
# 30 yanvar 2024 12:12 (UTC +04:00)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin “Çovdar” qızıl yatağının satılabilən qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar işləri ilə paralel həyata keçirilən optimallaşdırma və əlavə kəşfiyyat işləri nəticəsində yatağın satılabilən qızıl ehtiyatı 535 min unsiyaya çatdırılıb.

APA-Economics”in xəbərinə görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Həmçinin, geoloqlar tərəfindən kəşf edilən “Ağyoxuş” qızıl yataqları qrupu və “Mərəh” qızıl yatağı, eləcə də SSRİ dövründə kəşf edilən, müasir dönəmdə məhz geoloqlarımız tərəfindən geniş tədqiq edilən “Tülallar” qızıl yatağı hesabına satılabilən ümumi qızıl ehtiyatı daha 243 min unsiya artırılaraq, 778 min unsiyaya çatdırılıb.

Zakir İbrahimov bildirib ki, bununla da 2016-cı ildən 2023-cü ilədək “Çovdar” və cinahlardakı yataqlar hesabına ümumi satılabilən ehtiyat bazasının 4 dəfədən çox artırılmasına nail olunub: “Sözügedən cinah yataqlarının resurslarının istismarı Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) həyata keçirilir. ÇİRES Çovdar Filiz Emalı Sahəsinin bazasında 2020-ci ildə yaradılıb. Məqsəd emal prosesində mövcud maddi-texniki bazadan mərkəzləşdirilmiş qaydada istifadə edilməsidir. Bununla müstəqil şəkildə səmərəsizlik riski daşıyan cinah yataqlarının iqtisadi səmərəliliyi təmin edilib. 2020-ci ildə regional emal sahəsinin istismar dövrü 8 il hesablansa da, ehtiyatlarda əldə edilən artımlar hesabına bu müddətin 10 ilə çatdırılmasına nail olunub. Yaxın perspektivdə isə regionda yeni cinah yataqlarının kəşf edilməsi və resurların artırılması ilə ÇİRES-in fəaliyyət müddətinin daha da uzadılmasını hədəf olaraq qarşıya qoymuşuq. Çovdar” yatağının birinci fazası – oksid mərhələsi üzrə 2021-ci ildə istismar işləri tamamlanıb, 243.4 min unsiya həcmində qızıl hasil edilib”.

Zakır İbrahimov onu da əlavə edib ki, 2023-cü ildə ÇİRES-də Çəndə Qələviləşdirmə Zavodunun tikintisi başa çatdırılıb. Zavod ötən ilin sonunda – 28 dekabr tarixində sınaq rejimində istifadəyə verilib. Bununla “Çovdar” və cinah mədənlərində hasilat və istehsalat prosesinin daha mürəkkəb, əməliyyat xərclərinin daha yüksək olduğu mərhələdə – Sulfid fazasında filizlərin emalının optimal texnoloji üsulla həyata keçirilməsinə başlanılıb.

“Yeni mədənlərdə hasilat prosesinə başlamaq ilkin mərhələdə geridönüşü olmayan əhəmiyyətli xərclər yaradır. Həm mədənlərdə aparılan üstaçma işləri, həm də mədənlərdə vaxtaşırı daha aşağı zənginlikdə olan filizlərin hasilatı beynəlxalq mədənçilik təcrübəsinə uyğun olaraq xərclərdə artımı qaçılmaz edir və bu mədənçilikdə dövri olaraq baş verən bir prosesdir. Biz bu çağırışı vaxtında, düzgün proqnozlaşdırdığımız və qiymətləndirdiyimiz üçün fəaliyyətimizdə müvafiq uyğunlaşdırma tədbirləri aparmışıq. Nəticədə keçid illərini səmərə ilə tamamlayacağımızı, sonrakı illərdə gəlir və mənfəətliliyimizi daha da yaxşılaşdıracağımızı qeyd edə bilərəm”, - “AzerGold”un rəhbəri bildirib.

Onun sözlərinə görə, CIL layihəsinin icrasına 380 milyon manat investisiya qoyulub. Vəsait dövlət büdcəsinə əlavə yük yaradılmadan, Səhmdar Cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş vəsait hesabına təmin edilib. Nəm tullantı anbarı, Qoşqarçay çayından çəkilən texniki su boru xətti və digər köməkçi infrastrukturla birgə 22 aya tamamlanan Çəndə Qələviləşdirmə Zavodu illik 1.1 milyon ton filizüyütmə potensialına malikdir:

“Zavodun fəaliyyəti ilə sulfidli filizlərin mineraloji tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın ayrılma nisbətinin 50%-dən 90%-dək artırılmasına, iqtisadi səmərəliliyin təmin edilməsinə nail olunub. Bununla bir qədər öncə qeyd etdiyim kimi, sulfidli filizlərin 50% çıxımla emalı riskini aradan qaldırmış olduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR