Paşha Bank
Bank Of Baku

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib
# 20 oktyabr 2026 16:36 (UTC +04:00)

“AzerGold” QSC ilə Asiya İnkişaf Bankı (AİB) arasında dağ-mədən sənayesi və kritik mineralların hasilatı və emalı sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə “AzerGold” QSC məlumat yayıb.

Məlumata görə, müzakirələr “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ilə AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında keçirilən görüşdə aparılıb.

Görüşdə “AzerGold”un strateji layihələri, o cümlədən Balakən rayonunda yerləşən Filizçay polimetal yatağı üzrə texniki-iqtisadi əsaslandırma işləri, Şəmkir rayonunda Qərb Sənaye Parkında yaradılması planlaşdırılan yaşıl enerji prinsiplərinə əsaslanan isti briketlənmiş dəmir (HBI) istehsalı kompleksi, eləcə də Söyüdlü (Zod) qızıl yatağının mövcud vəziyyəti və gələcək istismar planları müzakirə olunub.

AİB-in Azərbaycan üzrə ölkə direktoru bankın fəaliyyət istiqamətləri və özəl sektorun maliyyələşdirilməsi üzrə strateji hədəfləri barədə məlumat verib. O, bankın kritik mineralların hasilatı və emalı sahəsində yeni maliyyələşdirmə mexanizmlərini tətbiq etdiyini bildirərək, dayanıqlı inkişafı, məşğulluğun artırılmasını və regional iqtisadiyyatın gücləndirilməsini dəstəkləyən layihələr üzrə əməkdaşlığa maraq göstərdiklərini qeyd edib.

Zakir İbrahimov isə “AzerGold”un 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, ölkənin mineral-xammal potensialının öyrənilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O, “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinin bu sahənin inkişafına yönəlmiş strateji yanaşmanın göstəricisi olduğunu vurğulayıb.

Bildirilib ki, müzakirə olunan layihələrin həyata keçirilməsi Azərbaycanın sənaye potensialının gücləndirilməsi, regionların iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir.

Görüşün sonunda tərəflər texniki və maliyyə işçi qrupları səviyyəsində müntəzəm təmasları davam etdirmək və konkret layihələr üzrə əməkdaşlıq imkanlarını qiymətləndirmək barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR