Ötən il Bakı-Supsa Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsi ilə 4,2 mln. ton neft ixraca nəql edilib.
Bu barədə "APA-Economics" Energetika Nazirliyinin 2021-ci ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2020-ci ilin göstəricisi ilə müqayisədə ötən il QİBK ilə 0,1% az neft ixrac edilib.
Qərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.
Uzunluğu 833 km olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilib. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanıb və 1999-cu ilin martınadək davam edib. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib.