Cari ilin yanvar-oktyabr aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 47 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 27% azdır.
Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 79,4 faizi mədənçıxarma, 17,9 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 86,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,2 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2023-cü il vəziyyətinə 462,5mln. manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 87 mln. manat məbləğində digər məhsullar da mövcud olub.