Bank Of Baku

BP: D230 blokunda yaxın vaxtlarda kəşfiyyat quyusu qazılmayacaq

BP: D230 blokunda yaxın vaxtlarda kəşfiyyat quyusu qazılmayacaq
# 01 iyun 2022 17:28 (UTC +04:00)

Yaxın vaxtda Xəzərin Azərbaycan sektorunda yerləşən D230 perspektiv blokunda kəşfiyyat quyusunun qazılması nəzərdə tutulmayıb.

APA-Economics" xəbər verir ki, bu barədə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sahədə 3 ölçülü seysmik tədqiqat aparılıb, alınan məlumatların emalı prosesi başa çatıb, lakin burada fəaliyyət hələ ki yoxdur. Bu da onunla əlaqəlidir ki, ötən il şirkət diqqəti “Şəfəq-Asiman” perspektivli blok üzərində cəmləmişdi, bu il konsentrasiya Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsi çərçivəsində üç kəşfiyyat quyusunun qazılmasına yönəldilib. Hazırda isə fikir “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin növbəti mərhələsi çərçivəsində kəşfiyyat quyusunun qazılmasına cəmlənib.

“Bu layihələr əsasdır, prioritetlik baxımından bunlar öndədir”, - deyə, Bəxtiyar Aslanbəyli qeyd edib.

Xatırladaq ki, D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatıb. Həyata keçirilmiş 3 ölçülü seysmik tədqiqat proqramı reallaşdırılması çərçivəsində alınan məlumatların emalı prosesi 2020-ci ilin payızında tamamlanıb.

D230 strukturu kifayət qədər böyük bir ərazini əhatə edir və orada gələcəkdə kəşfiyyat quyularının harada qazılacağı çox əhəmiyyətlidir. Ən çox da bu struktur ona görə maraqlıdır ki, orada potensial neft ehtiyatları nəzərdə tutulur.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR