Bank Of Baku

BP daha bir sosial layihəsinin başa çatdırdığını elan edib

BP daha bir sosial layihəsinin başa çatdırdığını elan edib
# 05 iyul 2023 10:34 (UTC +04:00)

Bu gün BP şirkəti yerli universitetlərin potensialının artırılması üçün daha bir layihənin uğurla başa çatdığını elan edib.

"APA-Economics" xəbər verir ki, layihənin məqsədi bir sıra ali təhsil müəssisələrində layihələrin idarə edilməsi sahəsində səriştələri və bacarıqları daha da gücləndirmək idi.

BP bu layihəni eyni məqsədli bir təhsil proqramının davamı olaraq həyata keçirib. Belə ki, həmin proqram çərçivəsində BP və tərəfdaşları daha əvvəl 15 yerli universitetdə layihələrin idarə edilməsi komandalarının yaradılmasına və təliminə dəstək verib.

Məlumata görə, 14 aylıq (noyabr 2021-ci il - yanvar 2023-cü il) bu layihə çərçivəsində aşağıdakı səkkiz ali təhsil müəssisəsini təmsil edən 95 tələbə və 123 heyət üzvünə təlimlər keçilib: Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası.

“Birini tərəfdaşlarımızla birlikdə dəstəklədiyimiz, digərini isə BP-nin özünün maliyyələşdirdiyi bu iki proqram yerli universitetlərin yerli təşkilatlarla və get-gedə daha çox sayda beynəlxalq tərəfdaşlarla həyata keçirdikləri layihələrin peşəkar şəkildə idarə edilməsi üçün lazım olan səriştə və bacarıqları yaratmaq və inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur. Çox məmnunuq ki, bu iki layihəmiz sayəsində yerli universitetlərin əksəriyyəti indi artıq öz layihələrini, eləcə də ölkə daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq fəaliyyətləri çərçivəsində bağlanan qrant müqavilələrini effektiv şəkildə idarə etmək üçün yaxşı bilik, müasir metod və mexanizmlər və ən əsası beynəlxalq və milli sertifikatlı mütəxəssislərlə təmin olunub”, -

Bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin başa çatması ilə bağlı tədbir zamanı bildirib.

Qeyd etmək lazımdır ki, layihədə iştirak edən tələbələrə 120 saatlıq təlimlər keçilib. Sonda ən yüksək bal toplayan 64 tələbəyə layihə menecerlərinin qiymətləndirilməsində dünya lideri olan IPMA (Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası) təşkilatının Səviyyə D sertifikatları təqdim olunub. Səviyyə D IPMA qiymətləndirilməsində dörd dərəcədən biridir. Təxminən 28 tələbə isə yerli AzPMA (Azərbaycan Layihə İdarəetmə Assosiasiyası) sertifikatlarına layiq görülüb.

Bundan əlavə, layihə çərçivəsində layihələrin idarə edilməsinə dair 52 saatlıq akademik tədris kursu hazırlanıb və bütün iştirakçı universitetləri təmsil edən 19 müəllim bu kursu öz universitetlərində effektiv şəkildə tədris etmək üçün təlimlər keçib.

Dəyəri 209 703 AZN ($123 355) olan bu layihənin icraçısı AzPMA idi.

Xatırladaq ki, BP şirkəti Azərbaycanda 31 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 108 milyon ABŞ dollarından çox vəsait xərclənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR