BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə yeni təyinatlar edilib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə yeni təyinatlar edilib
# 01 iyul 2024 14:49 (UTC +04:00)

BP şirkəti Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə dörd yeni təyinatı elan edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, biznes rəhbərliyinə edilən hər bir yeni təyinat BP-nin regionda təhlükəsiz və etibarlı əməliyyatlarının davamlılığını təmin etmək, eləcə də şirkətin öz yerli əməkdaşlarını və işçi heyətini inkişaf etdirmək öhdəliyinin bir hissəsidir.

Leyla Məmmədova BP-nin AGT regionunda insanlar və korporativ mədəniyyət (İKM) üzrə vitse-prezidenti təyin edilib. O bu vəzifədə BP-nin London ofisinə Qrupun İKM tərkibində əməliyyat modeli və təşkilati struktur üzrə rəhbər vəzifəsinə təyin olunmuş Elnarə Məmmədovanı əvəz edib. Leyla Məmmədova sənaye, beynəlxalq insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 23 ildən artıq peşəkar təcrübəsi var. O, 2001-ci ildən BP-də işləyir və karyerası ərzində şirkət daxilində müxtəlif İKM vəzifələrində çalışıb, o cümlədən, Azərbaycanda və Böyük Britaniyada tərəfdaşlıq üzrə vəzifələr, BP-nin Gürcüstan və Rusiyadakı qlobal ofislərində İKM üzrə rəhbər , eləcə də sonuncu iş yeri kimi şirkətin həllər üzrə qlobal bölümünün İKM üzrə vitse-prezidenti. Leyla, Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (CIPD) üzvüdür və insan resurslarının idarə edilməsi üzrə magistr diplomuna malikdir.

Rassel Morris AGT regionunda quyular üzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Cim O'Lirini əvəz edib. Rassel Morris BP-də quyular sahəsində 25 illik iş təcrübəsi var. O, qlobal miqyasda, o cümlədən, Böyük Britaniya, Əlcəzair, Liviya, Avstraliya, Misir, AGT və Asiya-Sakit Okean regionlarında çoxsaylı yüksək rəhbər vəzifələrdə işləyib. Bu təyinatdan əvvəl Rassel Morris bp Qrupunun quyular sahəsi üzrə vitse-prezidenti olub. Rassel Morris dərin texniki bilikləri olan, əməyin təhlükəsizliyinə xüsusi önəm verən, həmçinin inklüziv liderliyi və mentorluğu ilə tanınan bir mütəxəssisdir. Rassel Morresin mexanika və dəniz mühəndisliyi üzrə fərqlənmə diplomlu dərəcəsi və biznesin idarə olunması üzrə fərqlənmə ilə magistr diplomu var.

Mətt Kirkham AGT, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Kahal Kellini əvəz edib.

Mətt Kirkham BP-də 13 il, ümumilikdə isə enerji sənayesində 26 ildən artıq iş təcrübəsinə malikdir. Bu təcrübəyə Braziliya, Sinqapur, Avstraliya, İndoneziya və ABŞ-da müxtəlif təyinatlar daxildir. Bundan əvvəlki vəzifəsində Mətt Asiya-Sakit Okean regionunda layihələr üzrə vitse-prezident olub. Onun Texas A&M Universitetinin mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi var.

Dən Sparks AGT regionunda geologiya və işlənmə üzrə vitse-prezident vəzifəsinə təyin edilib. O, bu vəzifədə Roşni Musaini əvəz edib.

Dən Sparksın 25 illik sənaye təcrübəsi var, əsasən də yeraltı resurslar xüsusilə də çətin çıxarıla bilən ehtiyatların işlənməsi sahəsində. Dən Sparks Kanada, Braziliya, ABŞ, Böyük Britaniya, Norveç, İndoneziya, Avstraliya və Hindistan kimi ölkələrdə dənizdə və digər yataqlarda hasilat əməliyyatları, quyular və geologiya sahələri üzrə müxtəlif vəzifələrdə çalışıb . Bu təyinatdan əvvəl Dən Sparks Asiya-Sakit okean və Hindistan regionlarında geologiya və işlənmə üzrə vitse-prezident olub. Uzun illər Şimali Amerikada quruda və dünyanın digər yerlərində yetkin neft və qaz yataqlarında təcrübəsi olan Dən Sparks hasilatda olan yataqların yeni həyat potensialını üzə çıxarmağı xüsusilə xoşlayır. Dən Sparksın neft-qaz mühəndisi ixtisası üzrə dərəcəsi var və o, Kanadanın Alberta şəhərində lisenziyalaşmış peşəkar mühəndisdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR