“Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin növbəti mərhələsinin və “Şəfəq-Asiman” perspektivli strukturunun inkişaf etdirilməsinin birgə həyata keçirilməsi məsələsi gündəmdə deyil.
"APA-Economics" xəbər verir ki, bu barədə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.
“Bu məsələ müzakirə olunmur”, - Bəxtiyar Aslanbəyli bildirib.
O əlavə edib ki, hazırda “Şəfəq-Asiman” strukturunun işlənməsi layihəsi çərçivəsində geoloji məlumatların interpretasiyası davam etdirilir və proses hələ başa çatmayıb.
O, öz növbəsində qeyd edib ki, yatağın işlənməsinin növbəti mərhələsinin həyata keçirilməsi üçün “Şahdəniz”də kəşfiyyat quyusunun qazılması da davam etdirilir.
"Qazma işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır", - Bəxtiyar Aslanbəyli vurğulayıb.