BP, SOCAR və AİŞ arasında Cəbrayılda GES tikintisini nəzərdə tutan müqavilə imzalanıb - YENİLƏNİB

BP, SOCAR və AİŞ arasında Cəbrayılda GES tikintisini nəzərdə tutan müqavilə imzalanıb - YENİLƏNİB
# 02 oktyabr 2024 16:44 (UTC +04:00)

BP Azərbaycanın Cəbrayıl rayonunda 240 MVt-lıq günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsinin ilkin tək investoru kimi, bu gün SOCAR Green (SOCAR) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə səhmdarlar sazişi imzalayıb və bununla "Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) adlı yeni birgə müəssisə yaradılıb. Bu müəssisə layihəyə aid birgə investisiya fəaliyyətini həyata keçirəcək.

BP-dən "APA-Economics"ə verilən məlumata görə, bundan əvvəl, səhmdarlar sazişi üzrə danışıqlara başlamaq məqsədilə ötən ilin sentyabrında eyni tərəflər arasında qoşulma sazişi imzalanmışdı.

“Şəfəq” layihəsində “Virtual Enerji Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir. Həyata keçəcəyi təqdirdə, bu mexanizm layihənin Cəbrayıl rayonunda istehsal edəcəyi günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan “Azərenerji”yə həmin yerdə çatdırılmasını, Azərenerjinin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına verməsini təmin edəcək. Bu da öz növbəsində terminalın həmin bərpa olunan elektrik enerjisindən öz ehtiyacı üçün istifadə etməsinə imkan verəcək.

Səhmdarlar sazişini SJSL adından bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, SJSL-də səhmdar şirkət kimi bp adından bp-nin günəş enerjisi və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Marivela Alvarez, SOCAR Green adından SOCAR-ın prezidenti Rövşən Nəcəf, və AIŞ adından AİŞ-in icraçı direktoru Ülvi Mansurov imzalayıblar.

Səhmdarlar sazişi müəyyən kommersiya və tənzimləyici şərtlər yerinə yetirildikdən sonra qüvvəyə minəcək. Saziş qüvvəyə mindikdən sonra SJSL səhmdarlarının iştirak payları belə olacaq: bp - 50,01%, SOCAR - 39,99% və AİŞ - 10%.

Qeyd edək ki, “Şəfəq” layihəsi Azərbaycan Respublikasının Cəbrayıl rayonunda 240 MVt gücündə dəyişən cərəyanlı günəş elektrik stansiyasının tikilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp arasında 2021-2022-ci illərdə “Şəfəq” layihəsinin həyata keçirilməsinə dair İcra Sazişi və ona bir sıra əlavələr imzalanıb. Layihənin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi sənədi 2024-cü ildə ictimaiyyətə açıqlanmış, müzakirə edilmiş və Azərbaycan hökuməti tərəfindən təsdiq edilib.

***

16.36

Bu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) tikilməsi məqsədilə BP, SOCAR Green və AİŞ arasında Birgə İştirak Müqaviləsi imzalanıb.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

“Layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin "yaşıl" keçid hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək” - deyə iqtisadiyyat naziri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR