Bank Of Baku

BP tərəfdaşları ilə birgə Azərbaycanda sosial layihələrə 108 mln. dollar vəsait xərcləyib

BP tərəfdaşları ilə birgə Azərbaycanda sosial layihələrə 108 mln. dollar vəsait xərcləyib
# 12 iyun 2023 10:55 (UTC +04:00)

Bu gün BP Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi tədqiqat potensialının gücləndirilməsinə dəstək məqsədli bir təhsil layihəsinin uğurla tamamlandığını elan edib.

"APA-Economics" xəbər verir ki, layihə bir neçə komponenti əhatə edirdi və bu komponentlərin hamısı universitetin professor-müəllim heyətinin, tədqiqatçılarının, doktorant və magistrantlarının dünyanın aparıcı tədqiqat mərkəzləri ilə bir araya gələrək öz elmi fəaliyyətlərində daha böyük uğurlara nail olmalarına dəstək məqsədi daşıyırdı.

“Bu layihə UNEC-in beynəlxalq tədqiqat mərkəzləri və universitetlərlə etibarlı akademik tərəfdaş kimi sıx əməkdaşlıq etməsinə dəstəyimizin davamıdır. Ümid edirik ki, layihə bu universitetə ​​beynəlxalq elmi təşəbbüslərə qoşulmaq, nüfuzlu və təcrübəli bir mənbə kimi dünyanın aparıcı elmi institutları ilə əməkdaşlıq etmək imkanları yaradacaq.
Bundan öncə biz bu universitetin öz tədqiqat potensialını gücləndirmək səylərinə dəstək olaraq UNEC-ə üç laboratoriya bağışlamışıq. Fəxr edirik ki, bu laboratoriyalardan birinə - Qida Kimyası Laboratoriyasına, kimya üzrə Nobel mükafatı laureatı türk əsilli molekulyar bioloq Aziz Sancarın adı verilib. Bu dünya şöhrətli alim 2021-ci ildə özü şəxsən UNEC-ə gələrək BP-nin bağışladığı laboratoriyanın açılışını edib. Ümid edirik ki, bu layihələrimiz UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsinə və tədqiqat potensialının genişləndirilməsinə mühüm töhfə olacaq", - layihənin uğurla başa çatması münasibətilə UNEC-də keçirilən forumda çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

UNEC tərəfindən icra olunan bu layihənin müddəti 13 ay (yanvar 2022 – fevral 2023) idi.
Layihənin ümumi dəyəri 170.000 AZN (100.000 ABŞ dolları) olub və buraya tədqiqat avadanlıqları, UNEC-in alimlərinin tədqiqat səfərləri və üç birgə konfransın xərcləri daxil idi.

Qeyd edək ki, bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 108 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Azərbaycanda bp şirkətində təxminən 2307 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR