Cari ilin yanvar-fevral aylarında Azərbaycanda neft kəmərləri ilə 6 307,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,3% çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 74,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 4 725,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,1% çoxdur.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,2%-i və ya 3 882,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17,8%-i və ya 842,9 min tonunu (34,5% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6%-i və ya 24 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4%-i və ya 5 240,7 min tonunu (2,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.