Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 152 590 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 5,91% çoxdur.
Bu barədə "APA-Economics" Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 144 074 min barel neft nəql edilib.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64% çoxdur.
Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.