Azərbaycan Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanmış icra müqaviləsi çərçivəsində Cəbrayıl rayonu ərazisində gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi təqribən 200 mln. ABŞ dollarına başa gələ bilər.
"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə "Qaradağ" GES-in təməlqoyma ərazisində keçirilən brifinq zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev bildirib.
Onun sözlərinə görə, qiymət bir sıra amillərdən asılıdır, bunların sırasında panellər və digər materialların qiyməti, logistika məsələləri və ərazidə aparılacaq torpaq işlərindən asılı olacaq: "Hazırda bu icra müqaviləsi çərçivəsində müvafiq təhlillərin aparılması istiqamətində işlər gedir".
T. Əmmayev onu da əlavə edib ki, günəş elektrik stansiyalarının tikintisində istifadə olunan panel və materialların qiyməti tədricə azalır, bu da stansiyaların tikintisinə sərf olunan xərclərə təsir edir.
Bundan əlavə, T. Əmmayevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə kiçik su elektrik stansiyalarının bərpası istiqamətində də işlər aparılır. Belə ki, ötən il bu ərazilərdə 4 kiçik su elektrik stansiyası bərpa olunub, bu il isə burada 5 stansiyanın tikintisi nəzərdə tutulub.