Gələcəkdə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) illik ötürmə gücü 34 mlrd. kubmetrə çatdırıla bilər, bu da kəmərin indiki ötürmə gücü ilə müqayisədə 10 mlrd. kubmetrə yaxın çoxdur.
"APA-Economics" xəbər verir ki, bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində "Caspian Oil&Gaz" neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.
Məlumata görə, hazırda kəmərin illik ötürmə gücü 24,04 mlrd. kubmetr təşkil edir.
Qeyd edək ki, CQBK 691 km uzunluq (Azərbaycan ərazisində - 443 km, Gürcüstan ərazisində - 248 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Boru kəməri "Şahdəniz" yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Türkiyə sərhədinə ilk qaz 2006-cı ildə çatdırılıb. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə CQBK Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilib. Boru kəmərinin ilkin nəql qabiliyyəti illik 7,4 mlrd. kubmetr təşkil edib.
Xatırladmaq lazımdır ki, "Cənub Qaz Dəhlizi"nin ikinci seqmenti olaraq "CQBK-nın genişləndirilməsi" (CQBKG) layihəsi həyata keçirilib. Bu layihə Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düym diametrli boru kəmərinin, həmçinin Gürcüstan ərazisində 2 yeni kompressor stansiyasının inşasını əhatə edir. Yeni boru kəmərinin uzunluğu təqribən 489 km təşkil edir (Azərbaycan ərazisində – 424 km, Gürcüstan ərazisində – 63 km, TANAP arabağlantısında – 2 km). Boru kəməri 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlayıb.
Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti əlavə 16 milyard m³ artırılaraq, ümumilikdə, 24,04 milyard m³ səviyyəsinə çatdırılıb.