Azərbaycan enerji təhlükəsizliyi ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə və bərpa olunan enerji mənbələrinin inkişafına diqqət yetirməlidir.
APA xəbər verir ki, bunu Çinin ISETS Şurasının sədri Xiansheng Sun Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: çətinliklər və imkanlar” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi və iqtisadiyyatı hələ də neft-qaz qiymətlərindən əhəmiyyətli dərəcədə asılıdır və bu asılılığın azaldılması üçün sənaye və enerji sektorlarının şaxələndirilməsi vacibdir.
Sun qeyd edib ki, neft-qaz sektorundan əldə olunan gəlirlərdən bərpa olunan enerji mənbələrinin, o cümlədən günəş və külək enerjisinin, geotermal enerjinin, enerji saxlanc sistemlərinin və digər yeni texnologiyaların inkişafına investisiya qoyuluşu üçün istifadə edilməlidir.
“Bir tərəfdən neft-qaz hasilatını davam etdirmək, digər tərəfdən isə bərpa olunan enerjiyə və yeni texnologiyalara investisiya qoymaq lazımdır”, - o vurğulayıb.
Onun sözlərinə görə, karbon qazının tutulması, istifadəsi və saxlanması (CCUS) texnologiyalarının tətbiqi də enerji keçidinin mühüm istiqamətlərindən biri ola bilər.
Sun həmçinin enerji infrastrukturunun inkişaf etdirilməsinin, rəqəmsallaşma və süni intellektdən istifadənin genişləndirilməsinin vacibliyini qeyd edib.
O bildirib ki, tədqiqat və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də karbon emissiyalarının ölçülməsi, hesabatlılığı və yoxlanılması mexanizmlərinin inkişaf etdirilməsi enerji keçidi baxımından mühüm əhəmiyyət daşıyır.