Bank Of Baku

Deputat: “Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngindir”

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 17 mart 2022 18:39 (UTC +04:00)

“Bu gün dünyada alternativ enerji mənbələrinə keçid əhəmiyyətli dərəcədə artmaqdadır. Azərbaycanın da alternativ enerji potensialı yüksəkdir. Hazırda “yaşıl iqtisadiyyat”a, o cümlədən də bərpa olunan enerjiyə keçidin dünyada çağırışlardan birinə çevrildiyini nəzərə alsaq, müasirləşməni strateji inkişaf kursu kimi müəyyənləşdirən və hər sahədə yüksək standartlar tətbiq edən Azərbaycan üçün də bu məsələ prioritetdir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ölkəmizdə son illər “yaşıl enerji”nin tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilir: “Bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyuldu. Martın 15-də isə “Yaşıl enerji”yə keçidlə bağlı növbəti mühüm addım atıldı. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyuldu. Mərasimdə iştirak edən Prezident İlham Əliyevin dediyi kimi, stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək”.

F. Yıldırım qeyd edib ki, alternativ enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək: “Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir. Ölkə ərazisi, xüsusən də Abşeron yarımadası, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Prezident işğaldan azad olunmuş ərazilərimizi “yaşıl enerji” zonası elan edib. Bu mənbələrdən səmərəli istifadə olunması isə yeni enerji gücləri deməkdir”.

Deputat nəzərə çatdırıb ki, bütövlükdə ölkəmizdə bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bio­enerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir: “Hazırda bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün təxminən 17,3 faizini təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasıdır. Bununla da Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, xarici ölkələrə də enerji ixracını əhəmiyyətli dərəcədə artıracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR