Dünya Bankının və Azərbaycan Energetika Nazirliyinin mütəxəssisləri dənizdə külək enerjisinin inkişafı çərçivəsində tədqiqatları hələ də davam edir.
Bunu "APA-Economics"ə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.
Onun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji sahəsində yüksək potensialı var və hazırda tədqiqatların nəticələri gözlənilir ki, gələcək iş və planlar məlum olsun.
Qeyd edək ki, iyunda S. Maykl jurnalistlərə açıqlamasında demişdi ki, Azərbaycanla Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında imzalanmış anlaşma memorandumu çərçivəsində ölkədə dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi hazırlanır.
Xatırladaq ki, yol xəritəsini Böyük Britaniyada yerləşən "BVG Associates" (BVGA) konsaltinq şirkəti hazırlayır. Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib-hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur.
Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin "Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı" çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan "Enerji Sektorunun İdarə edilməsində Yardım Proqramı" – ESMAP çərçivəsində maliyyələşdirilir. ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilir.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.