Avropanın Rusiyadan qaz kəməri ilə nəql edilən qazdan mayeləşdirilmiş təbii qazın (LNG) xeyrinə hətta qismən imtina etməsi Asiyada qaz böhranının növbəti dalğasına səbəb ola bilər.
"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Baş nazirin müavini Aleksandr Novaka istinadən xəbər verir.
Onun sözlərinə görə, mütəxəssislər avropalıları LNG-yə üstünlük verməməsi barədə xəbərdarlıq edir, çünki bu, Rusiyanın qaz tədarükünü əvəz edə bilməyəcək.
"Lakin Avropanın Rusiya qazından hətta qismən imtina etməsi də Asiyada qaz böhranının növbəti dalğasına səbəb ola bilər", - A. Novak vurğulayıb.
Onun fikrincə, ümumilikdə, ənənəvi enerji resurslarından süni şəkildə imtina daha da böyük böhranlara gətirib çıxaracaq, ona görə də enerji resurslarının həm istehsalçıları, həm də istehlakçıları vəziyyətin tezliklə sabitləşməsində maraqlıdırlar.
"Fikrimizcə, yalnız enerji mənbələrinin balansı gələcəkdə enerji bazarlarının sabitliyinə təminat verə bilər", - Baş nazirin müavini bildirib.
O əlavə edib ki, ənənəvi enerji resurslarının süni şəkildə imtina edilməsi istər-istəməz daha böyük enerji, ondan sonra iqtisadi və ola bilsin, siyasi böhranlara gətirib çıxaracaq.