Energetika sahəsində dövlət tənzimlənməsinin məqsədləri məlum olub.
APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Energetika haqqında” qanun layihəsində əksini tapıb.
Energetika sahəsində dövlət tənzimlənməsinin məqsədləri aşağıdakılardır:
- enerji təhlükəsizliyinin təmin edilməsi;
- energetika subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;
- istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz enerji ilə təmin edilməsi.
Energetika sahəsində dövlətin vəzifələri isə aşağıdakılardır:
- sağlam rəqabət mühitinin formalaşdırılması və inkişafının təmin edilməsi;
- təbii inhisar və dövlət inhisarı subyektlərinin fəaliyyətinin tənzimlənməsi;
- beynəlxalq və regional əməkdaşlığın inkişafı, özəl investisiyaların dəstəklənməsi;
- əlverişli investisiya mühitinin yaradılması;
- enerji istehlakçılarının hüquqlarının müdafiəsi, o cümlədən sərbəst istehlakçıların enerji təchizatçısını seçmək hüququnun təmin edilməsi;
- bərpa olunan enerji mənbələrindən istifadənin dəstəklənməsi;
- enerji səmərəliliyinin dəstəklənməsi;
- ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, dövlət energetika siyasətinin məqsədləri aşağıdakılardır:
- Energetika materiallarının və məhsullarının səmərəli hasilatı, istehsalı, nəqli, ötürülməsi, paylanması, saxlanılması, istifadəsi və təhlükəsizliyinin təminatı.
- Aşağıdakıları nəzərə alaraq bütün tələbatçıları enerji ilə səmərəli və etibarlı təchiz edəcək infrastrukturun və yeni iş yerlərinin yaradılması:
energetika sahəsində fəaliyyət növləri üzrə rəqabət və minimal inhisar şəraitinin yaradılması;
energetika sahəsində fəaliyyətlərin müxtəlif mülkiyyət növləri, uzunmüddətli müqavilələr və bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazələr əsasında qurulması;
yüksək keyfiyyətli məhsullar istehsal edən yerli müəssisələrə əlverişli şəraitin yaradılması;
enerjiyə qənaət edən və ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqi üçün əlverişli şəraitin yaradılması.
- Enerji resurslarının konservasiyası, tullantıların səviyyəsinin aşağı salınması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, bərpa olunan enerji mənbələrindən istifadə.
- Ətraf mühitə mənfi təsirin azaldılması.
- Enerji çatışmazlığı şəraiti yarandıqda, energetikanın səmərəliliyini artırmaq üçün istehsalçı və istehlakçılara dotasiyaların verilməsi.
-İnvestisiyalar üçün əlverişli hüquqi və iqtisadi şəraitin yaradılması.
- Dövlət energetika proqramlarının tərtib edilməsi.