Bank Of Baku

Enerjiyə qənaət imkanları müəyyənləşdiriləcək

Enerjiyə qənaət imkanları müəyyənləşdiriləcək
# 13 dekabr 2022 11:09 (UTC +04:00)

Nazirlər Kabineti “Enerji auditinin keçirilməsi və nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması”nı təsdiq edib.

APA xəbər verir ki, qərarla təsdiq edilmiş Qayda enerji istehlakına dair məlumatın əldə olunması və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə binaların (qurğuların) və təsərrüfatların qiymətləndirilməsini özündə ehtiva edən enerji auditinin keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir və enerji auditinin nəticəsinə dair hesabatın təqdimatı qaydasını və formasını müəyyən edir.

Enerji auditi sözügedən obyektlərdə enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirməyə xidmət edir.

Qərara əsasən, enerji auditi qanuna uyğun olaraq könüllü və məcburi keçirilə bilər.

Məcburi enerji auditi 3 ildən bir, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlar əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilən enerji auditi obyektlərində keçirilir.

Enerji auditi enerji auditoru ilə sifarişçi arasında bağlanılmış müqaviləyə əsasən aparılır.

Enerji auditinin keçirilmə müddəti enerji auditi obyektinin növündən, ölçüsündən, enerji resurslarının istehlakı həcmindən asılı olaraq sifarişçi ilə razılaşdırılmaqla müəyyən edilir.

Enerji auditoruna ödəniləcək xidmət haqqının məbləği müqavilə tərəfləri arasındakı razılaşmaya əsasən iş həcmindən asılı olaraq müəyyən edilir.

Enerji auditi enerji auditi obyektinin mövsümi enerji istehlakı göstəriciləri nəzərə alınmaqla keçirilir. Ölçmə (sınaq) mərhələsi bina, tikili və qurğulara malik enerji auditinin obyektinə münasibətdə həm qış, həm də yay mövsümlərində aparılır.

İş həcmindən asılı olaraq enerji auditoru sifarişçi ilə razılaşdırmaqla işə submüqavilə əsasında digər enerji auditorlarını cəlb etmək hüququna malikdir.

Sifarişçi bu Qaydada qeyd edilən məlumatların və sənədlərin enerji auditoruna təqdim edilməsini və enerji auditi obyektlərinə maneəsiz girişini təmin edir.

Enerji auditi aşağıdakı mərhələlərdən ibarətdir:

Hazırlıq mərhələsi:

- müqavilə üzrə işlərin həcminin və dəyərinin müəyyən edilməsi məqsədilə enerji auditinin obyektinə enerji auditoru tərəfindən baxış keçirilir, ilkin məlumatlar alınır və təhlil edilir;

- həyata keçiriləcək tədbirlər, onların həyata keçirilməsi vasitələri, icra müddəti və məsul şəxslər qeyd edilməklə enerji auditinin iş planı hazırlanır;

- sifarişçi tərəfindən təqdim edilməsi tələb olunan, onun sərəncamında olan və enerji auditinin keçirilməsi üçün zəruri olan məlumatların və sənədlərin siyahısı tərtib edilir və təqdim edilmə müddəti sifarişçi ilə razılaşdırılmaqla iş planında qeyd edilir;

ölçmə (sınaq) mərhələsi:

- iş planına əsasən enerji auditi obyektində avadanlığın (qurğunun) iş parametrlərinin ölçmə vasitələri ilə ölçülməsi aparılır;

- ölçmə vasitələri ilə bina, tikili və onların mühəndis-kommunikasiya təminatı sistemlərində, həmçinin digər qurğularda sınaqlar aparılır;

- enerji auditi obyektinin ölçü və nəzarət cihazlarından məlumatlar alınır;

Təhlil mərhələsi:

- hazırlıq mərhələsində əldə edilmiş ilkin məlumatların, habelə ölçmə (sınaq) mərhələsində əldə edilmiş məlumatların və ölçmə (sınaq) nəticələrinin təhlili aparılır;

- bina, tikili və qurğular, habelə avadanlıq və texnoloji proseslərin növləri üzrə enerji effektivliyinin faktiki göstəriciləri hesablanır;

- faktiki göstəricilərin normativ (normalaşdırılan) göstəricilərlə (olduğu halda) müqayisəsi, müəyyən edilmiş kənarlaşmalar və onların səbəblərinin təhlili aparılır;

- hər göstərici, o cümlədən bina, tikili, qurğular və enerji resursunun növü üzrə enerjiyə qənaət imkanlarının hesablanması aparılır;

- sifarişçinin fəaliyyətinə tətbiq oluna biləcək enerji effektivliyinin artırılması və enerjiyə qənaətlə bağlı qabaqcıl beynəlxalq təcrübənin müqayisəli təhlili aparılır;

Yekun mərhələ:

bina, qurğu, tikili, texnoloji proses, avadanlıqlar və enerji resurslarının növləri üzrə enerji resurslarından istifadənin təhlili nəticələri ümumiləşdirilir.

Enerji auditinin nəticələrinə əsasən bu Qaydanın tələblərinə uyğun hesabat hazırlanır və sifarişçiyə təqdim edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR