Norveçin "Equinor" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində seysmik tədqiqat işlərinə (2 və 3-ölçülü) artıq başlayıb.
Bunu “APA-Economics”ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə bildirib.
Tədqiqat işlərini "Caspian Geophysical" şirkəti həyata keçirir. İşlər "Gilavar" geofiziki gəmisi vasitəsi ilə aparılır.
Mənbənin sözlərinə görə, hava şəraiti dənizdə işlərin aparılmasına bir qədər mane olsa da, tədqiqatlara artıq start verilib və saziş sahəsində fəaliyyət aparılır.
Qeyd edək ki, tədqiqat işləri təxminən minimum 3-ölçülü seysmik məlumatın tam 500 qat kvadrat km və təxminən minimum 2-ölçülü seysmik məlumatın tam 800 qat kvadrat km əhatə edilməsindən ibarət olacaq.
Mənbənin sözlərinə görə, tədqiqat dənizdə aparıldığı üçün işlərin gedişatı hava şəraitindən asılı olur: “Hava şəraitinin pisləşməsi işlərin müvəqqəti dayandırılmasına və havanın normallaşmasından sonra bərpa olunmasına da səbəb ola bilir”.
Mənbə qeyd edib ki, hava şəraitindən asılı olaraq "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində çöl işlərinin bitməsi bu ilin oktyabr ayının axırında – noyabrın əvvəlində gözlənilir.
Xatırladaq ki, SOCAR və "Equinor" şirkətləri arasında 2018-ci ilin may ayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" haqqında sazişlər imzalanıb.
Qeyd edək ki, "Dan Ulduzu" və "Əşrəfi" perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara" sahəsi Bakıdan 90 km şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.