Maliyyə hesablamaları aparıldıqda Türkiyənin Qara dənizindəki “Sakarya” yatağında aşkar edilən təbii qazdan istifadə idxal edilən qazdan daha qənaətcil bir seçimdir.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “Habertürk”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yataqda 4 il ərzində maksimum hasilat səviyyəsinə çatmağa hədəf kimi qoyulub, bu da Türkiyəyə qaz idxalını 30% azaltmağa imkan yaradacaq.
Fatih Dönməz onu da əlavə edib ki, hazırda ölkə istehlak etdiyi qazın 99,3%-i idxal edir, ötən il isə Türkiyənin qaz istehlakı 54 mlrd. kubmetr civarında olub.
Nazirin sözlərinə görə, hazırda ölkənin Qara dənizindəki ümumi qaz ehtiyatı 710 mlrd. kubmetr təşkil edir: “Belə olan halda biz görürük ki, Türkiyədə evlərdə istehlak olunan qazı 33 il ərzində bu yataqdan təmin edə bilərik”.