Bank Of Baku

"Fitch" Hörmüzdəki risklər fonunda neft bazarı üzrə proqnozunu açıqlayıb

“Fitch Ratings”in korporativ reytinqlər üzrə EMEA direktoru Jakub Zasada (Jakub)

© APA | “Fitch Ratings”in korporativ reytinqlər üzrə EMEA direktoru Jakub Zasada (Jakub)

# 06 oktyabr 2026 10:22 (UTC +04:00)

“Fitch Ratings” 2026-cı il üçün neftin qiyməti üzrə 87 ABŞ dolları/barel proqnozunu dəyişməz saxlayıb, 2027-ci il üzrə proqnozunu isə 5 dollar artıraraq 70 dollar/barelə çatdırıb.

“APA-Economics” xəbər verir ki, bunu “Fitch Ratings”in korporativ reytinqlər üzrə EMEA direktoru Jakub Zasada (Jakub) Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.

O qeyd edib ki, “Fitch” 2026-cı il üçün 87 dollar/barel səviyyəsində qiymət fərziyyəsini yaz aylarında müəyyənləşdirib və son aylarda neft bazarında müşahidə olunan yüksək volatilliyə baxmayaraq bu proqnozu dəyişməyib.

Zasadanın sözlərinə görə, neftin qiyməti iyunun ortalarında təxminən 70 dollar/barelə qədər kəskin ucuzlaşıb. Buna İran və ABŞ arasında anlaşma memorandumunun imzalanması, eləcə də neft axınlarının müharibədən əvvəlki səviyyənin təxminən 75%-nə qədər bərpa olunması təsir edib.

Lakin bu tendensiya uzunmüddətli olmayıb. İyulda hərbi əməliyyatların yenidən başlaması, daha sonra sentyabrda Səudiyyə Ərəbistanında infrastruktura hücumlar neftin qiymətinin 100 dollar/bareldən yuxarı qalxmasına səbəb olub.

“Fitch” rəsmisi Hörmüz boğazından neft daşımalarının davam etməsinin qlobal bazar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, boğaz ətrafındakı vəziyyət dəyişkən olaraq qalır.

Zasada bildirib ki, “Fitch” ABŞ və Yaxın Şərq ölkələrinin gündəlik ən azı 10 milyon barel neftin daşınmasını təmin edə biləcəyini gözləyir. Səudiyyə Ərəbistanının Şərq-Qərb boru kəməri vasitəsilə gündəlik təxminən 5 milyon barel ixrac imkanının da nəzərə alınması qlobal təklifin qorunmasına imkan verir.

Agentliyin proqnozuna əsasən, qlobal neft təklifi IV rübdə gündəlik təxminən 107 milyon barelə, tələb isə 104 milyon barel ətrafına çatacaq. Beləliklə, “Fitch” bazarda təklifin tələbi üstələyəcəyini gözləyir.

Təklifdəki artımın bu il əsasən OPEC-dən kənar istehsalçılar – ABŞ, Braziliya, Qayana və Argentina hesabına formalaşacağı bildirilir. Bu ölkələrdən əlavə hasilatın gündəlik təxminən 1,5 milyon barel, gələn il isə daha 1 milyon barel təşkil edəcəyi gözlənilir.

Zasada əlavə edib ki, bu ilin II rübündə qlobal neft tələbində nəzərəçarpacaq azalma müşahidə olunub. “Fitch” bu il tələbin ötən illə müqayisədə daha aşağı olacağını, 2027-ci ildə isə tədricən gündəlik 104 milyon barel və daha yüksək səviyyələrə qayıdacağını gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR