Gündəlik qlobal neft tələbatı 2045-ci ilə qədər 2021-ci il səviyyələri ilə müqayisədə 13 mln. barel artaraq 110 mln. barelə çata bilər.
Bu barədə “APA-Economics” OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) “World Oil Outlook” (WOO) adlı illik hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, eyni zamanda, tələbin əsas artımı 2025-ci ilə qədər baş verəcək və 2035-ci ildən onun platoya çıxacağı proqnozlaşdırılır.
Belə ki, təşkilatın proqnozuna görə, 2025-ci ilə qədər neftə tələbatın illik artımı təqribən 2,1 mln. barel/gün təşkil edəcək, 2025-2030-cu illər arasında 0,6 milyon barelə qədər azalacaq, 2030-2035-ci illərdə isə 0,2 mln. barel/günədək enəcək.
"Bundan sonra proqnozlar dünya səviyyəsində neftə tələbatın kifayət qədər uzun plato dövrünü göstərir", - hesabatda deyilir.
Gözlənilən tələbatı ödəmək üçün dünyada enerji ehtiyatlarının tədarükü 2045-ci ilədək hər il orta hesabla 2,7 mln. barel/gün artırılmalıdır.
"WOO göstərir ki, enerji resurslarına gözlənilən tələb 2045-ci ilə qədər onların tədarükünün illik orta hesabla 2,7 mln. barel/gün artımını tələb edəcək. Bunun üçün əhəmiyyətli investisiyalar tələb olunacaq", - bunu OPEC-in baş katibi Heysəm əl-Qais bildirib.
Onun sözlərinə görə, qlobal hasilatı sutkada 100 mln. barel səviyyəsində saxlamaq üçün təkcə neft sənayesi hər il 5 mln. barel həcmində istehsalat gücləri işə salmalıdır.
Təşkilatın baş katibi qeyd edib ki, 2045-ci ilə qədər neft sənayesinə yatırılan ümumi investisiya 12,1 trilyon dollar həcmində qiymətləndirilir. Hesabatdan göründüyü kimi, neft hasilatına 9,5 ttrln. dollar, emala 1,6 trln. dollar, nəqliyyata 1 trln. dollar investisiya yatırılmalıdır.